ABŞ-ın “Buyepongo” musiqi qrupu Azərbaycanda...

25 Noyabr 2019 16:20
Azərbaycanda səfərdə olan ABŞ-ın “Buyeponqo” musiqi qrupu respublikamızın regionlarına səfər proqramı çərçivəsində Şəki və Zaqatala sakinlərinin qonağı olub. Qrup musiqisevərlərə öz ifaları ilə böyük zövq verib.
Şəki Dövlət Dram Teatrında təşkil edilən konsertin əvvəlində ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Riçard Pinkam çıxış edərək, qrupun fəaliyyəti barədə qısa məlumat verib. Bildirilib ki, Afro-Latın sintez musiqi qrupunun ölkəmizə səfəri ABŞ Dövlət Departamentinin Xaricdə Amerika Musiqisi Proqramı çərçivəsində reallaşıb. “Buyeponqo” qrupunun təqdim etdiyi Latın Amerikasına xas hip-hop, pank, fank və caz musiqilərindən ibarət nömrələr tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb. Axşam saatlarında isə qrup Azərbaycanlı musiqiçilərlə bir araya gəlib. Onlar iki musiqini sintez edərək çox maraqlı ifalar ediblər. Qrupun növbəti konserti isə Zaqatalada baş tutub. Zaqatala Mədəniyyət Mərkəzində reallaşan konsertin əvvəlində vurğulanıb ki, Edqar Modestonun rəhbərlik etdiyi beş nəfərdən ibarət Afro-Latın “Buyepongo” musiqi qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edir. Musiqi qrupu başgicəlləndirici enerjili və dərhal siraətedici ritmləri ilə Qrand Park və Los-Anceles dairəsinin İncəsənət Muzeyi də daxil olmaqla, saysız-hesabsız səhnələrdə çıxışlar edib, məşhur qruplarla eyni səhnəni paylaşıb. Qeyd edək ki, Şəki və Zaqatalanın ardınca qrup Qəbələdə konsert verəcək.