Bu il xurmanın məhsuldarlığı bol olub...

25 Noyabr 2019 16:07
Xurma Balakən və Zaqatala rayon iqtisadiyyatının əsasını təşkil edir. Uzun illərdirki bu ərazidə yaşayan sakinlər xurmanın həm satışı, həm də qurudulması ilə məşğul olur. İlin məhsuldarlığından asılı olaraq bu rayonlarda ümumilikdə 25-30 min ton aralığında xurma məhsulu tədarük edilir. Bu il də məhsul boldur. Xurma tədarükünü yekunlaşdırmaq üzrə olan Balakən və Zaqatala sakinləri bu il məhsuldarlıqdan razıdır. Hava şəraitinin mülayim keçməsi məhsuldarlığa xeyli təsir edib. Məhsul yerli bazarla yanaşı, Rusiya və Ukrayna bazarlarına da ixrac edilir. Qiymətlər əsasən bu bazarlardakı qiymətə görə tənzimlənir. Yığılan məhsul elə həyətlərdəcə yeşiyi 2-3 manatdan alınır ki, bu zaman bir kiloqram xurmanın dəyəri 20-30 qəpik aralığında dəyişir. Qiymətlər ürəkaçan olmasa da məhsuldarlığın yaxşı olması sahibkar və fermerlərin üzünü güldürüb. Sakinlər topladıqları məhsulun keyfiyyətindən və satışın təşkilindən razıdırlar. Belə ki, sahibkarlar tərəfindən məhsulun tonuna uyğun olaraq yeşiklər 10 gün əvvəldən həyətyanı sahələrə qoyulur. Məhsul toplandıqda həmin yeşiklərə düzülür. Məhsul tədarükündən sonra xurmanın qurudulmasına başlanılır. Beləliklə yerdə qalan məhsul məhv olmur və itkiyə yol verilmir. Əgər yaş xurmanın 1 kilosu 20 qəpiyə satılırsa, qurudulmuş xurmanın bir kilosu 2 manata satılır. Bu il təkcə Balakən rayonu üzrə 20 min tona yaxın xurmanın tədarük edilməsi gözlənilir. Bu isə ötən illə müqayisədə iki dəfəyədək yüksək məhsuldarlıq deməkdir.