"Ölkəmizi tanıyaq" tur-aksiya iştirakçıları Şəkidə...

19 Noyabr 2019 16:42

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Şəkiyə 9 rayondan 360 şagirdi səfər edib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarından gələn məktəblilər Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən qarşılanıblar. Məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilib. Vurğulanıb ki, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Unesco-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Tur-aksiya iştirakçılarının qədim Şəkinin tarixi məkanları ilə ilk tanışlığı isə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindən başlanıb. Şəkinin tarixi məkanları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Zaqatala rayonuna yola düşüblər. Şəki Xan Sarayı, sənətkarlar evi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray və digər abidə kompleksləri ilə tanışlıq məktəblilərdə xoş təəssürat yaradıb.