2020-ci ildən boyaq bitkilərinin tədarükünə başlanılacaq...

18 Noyabr 2019 15:58
Bu proses respublikamızda ilk dəfə həyata keçirildiyindən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Boyaq bitkiləri, onların toplanma üsulları barədə əhalini maarifləndirmək məqsədi ilə İsmayıllı rayonunun Qalacıq, Sumağallı və İstisu kəndlərinin sakinləri ilə görüş keçirilib. Görüşdə son illər xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, hazırda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində 21 filialı fəaliyyət göstərir. Filialların və özəl xalça istehsalı emalatxanalarının yun ipliklə təmin edilməsi üçün regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrində bu ilin mayından yun tədarükünə başlanılıb. Gələn ildən isə boyaq bitkiləri tədarük olunacaq. Tədarük olunan yun əyrilərək iplik istehsal ediləcək, həmin iplik də toplanan təbii boyaq bitkiləri ilə boyanacaq. Görüş iştirakçılarına İsmayıllı rayonu ərazisində bitən boyaq bitkiləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanda 1500 növədək boyaq xüsusiyyətli bitki vardır. Bu boyaq bitkilərinin böyük əksəriyyəti İsmayıllı rayonu ərazisində mövcuddur. Boyaq bitkilərinin tədarük olunması rayon sakinləri üçün əlavə qazanc mənbəyidir. Meşədə yabanı halda bitən zoğal, zirinc, qoz, yemişan, əzgil, itburnu, çaytikanı, alça, armud, alma, palıd, gəndəlaş toplanıb, həmin boyaq bitkilərindən hansı rənglərin alındığı barədə ətraflı məlumat verilib. Əyani olaraq boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə tədbir iştirakçılarına izah edilib.