Lahıcda 228 il yaşı olan tarixi məscid təmir ediləcək...

15 Noyabr 2019 17:24
Oktyabrda Lahıca səfəri zamanı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva burdakı Bədöyün məscidinin təmir edilməsi ilə bağlı tapşırıq vermişdi. Tapşırıq əsasında Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Lahıc arxeoloji ekspedisiyası Lahıc qoruğu ərazisində- Bədöyün məscidində arxeoloji tədqiqat işlərinə başlayıb.
Lahıcdakı acınacaqlı vəziyyətdə olan Bədöyün məscidinin əsaslı təmirinə qərar verilib. Dövlət Turizm Ağentliyi və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında imzalanmış memoranduma əsasən, abidədə təmir işlərinə başlamazdan əvvəl arxeoloji tədqiqat işləri aparılır. Araşdırmalar zamanı məscidin döşəməsinin alt hissəsindən müxtəlif dövrlərə aid tikili qalıqları aşkar edilib. Bədöyün məscidində aparılan araşdırmalar abidənin tikilmə tarixi, ilkin memarlığı kimi məsələlərə aydınlıq gətirəcək. Arxeoloji tədqiqatların ardınca məscid öz orijinal formasına uyğun təmir-bərpa və konservasiya ediləcək. İşlər başa çatdıqdan sonra isə qədim məscid dini təyinatı üzrə yenidən istifadəyə veriləcək. Qeyd edək ki, abidə 1791-ci ildə inşa edilib. Abidənin üzərində 8 kitabə mövcuddur. Bunların yeddisi ərəb dilində, biri isə ərəb qrafikası ilə Azərbaycan dilindədir. İki kitabədə hədislərdən sonra, hicri 1295-ci il (1878-ci il) və hicri 1323-cü il (1905-ci il) tarixləri qeyd edilib.