MSK bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə müşavirə keçirib...

14 Noyabr 2019 16:56

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki mübahisələrinin həllinə dair növbəti regional seminar-müşavirə Şəkidə keçirilib. Şəki şəhərindəki “ASAN xidmət” mərkəzində keçirilən və seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli mövzusuna həsr olunan müşavirədə MSK-nın nümayəndələri, müvafiq məhkəmə orqanlarının təmsilçiləri, eləcə də Şəki və ətraf regionların 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri iştirak ediblər. MSK, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsi təmsilçilərinin “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında məruzələri dinlənilib. Sonda iştirakçıların sualları cavablandırılıb.