Şamaxılı gənclər Dövlət Bayrağı Gününü yürüşlə qeyd ediblər...

09 Noyabr 2019 14:06
9 noyabr – Dövlət Bayrağı Günü Şamaxıda təntənəli şəkildə qeyd olunub. Şamaxılı gənclər Dövlət Bayrağı gününü yürüyüşlə qeyd ediblər. Yürüşün əsas məqsədi isə milli atributlarımızın, xüsusilə üçrəngli bayrağımızın təbliği, gənclər arasında vətənpərvərlik və milli-mənəvi dəyərlərə hörmət hisslərinin yüksəldilməsi olub.
Dövlət Bayrağı Günü münasibəti ilə Şamaxıda ​ “Bayrağımız Qürur mənbəyimizdir ”şuarı altında ​ yürüş keçirilib. Rayon administrasiyasının rəsmiləri, ictimaiyyət nümayəndələri və gənclər​in qatıldığı yürüş şəhərin mərkəzində ​ yerləşən “Soyqırım” abidəsindən start götürüb. 2000-ə yaxın yürüş iştiraçısı milli musiqi sədaları altında 2 km məsafə qət edərək ​ Heydər Əliyev parkında yürüşü yekunlaşdırıb. Yürüş iştirakçıları​ ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri ​ düzüblər. Ardınca Şəhər İncəsənət təhsili mərkəzində tədbir davam etdirilib. Rayon icra hakimiyyətinin başçsı Tahir Məmədov bildirib ki, müstəqilliyimizin möhkəmlənməsində, dönməz xarakter almasında Ümummilli liderin əvəzsiz xidmətləri olub. Ölkəmiz​ müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi​ ölkənin ​ bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Çıxışlarda bayrağımızın yaranma tarixindən bəhs edilib. Sonra məktəblilərin hazırladığı səhnəciklər nümaiş olunub. Tədbirin sonunda Dövlət qulluğunda fərqlənməyə görə və Cumhuriyyətin 100 illiyi ilə bağlı medalla təltif olunan Şamaxı ziyalılarına medalları təqdim edilib. Sonda Şamaxının hər iki girişi istiqamətində ağacəkmə aksiyası təşkil edilib. Aksiya çərçivəsində 1000-dən çox müxtəlif növ ağac əkilib. Aksiyada rayon icra hakimiyyətinin, rayonun idarə, müəsisə və təşkilatlarının nümayəndələri, həmçinin “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşları və könüllüləri iştirak ediblər.