Arılar qışa hazırlanır...

06 Noyabr 2019 17:28
Bu il arıçılar üçün uğurlu il olub. Növbəti il isə daha da bol məhsul əldə etmək və satmaq üçün arıçılar artıq tədbirlər görməyə başlayıb. Arılar qışa hazırlanır.
Zaqatalalı Əhməd Əlieyev artıq 50 ildən çoxdur ki, arıçılıqla məşğuldur. Peşəkar arıçı yaşının bu çağında da gününün əksər hissəsini arı pətəklərinin yanında keçirir. Artıq arı ailələrinin qışlamaya hazırlıq işlərinə başlanılıb. Arı təsərrüfatlarının sağlam, tələf olmadan yaza çıxması üçün qışa hazırlıq işlərini vaxtında və düzgün şəkildə görmək olduqca vacibdir. Arıların sağlam və itkisiz yaza çıxmaları üçün pətəklərdə yetərincə yem ehtiyatını saxlamaq, xəstəliklərə qarşı profilaktik müalicə və soyuqdan qorumaq üçün tədbirlərin görülməsi vacibdir. Yetkin arı ailələrindən fərqli olaraq, gənc və xırda arı ailələri nisbətən zəif olduqları üçün onlara xüsusi xidmət göstərilir. Artıq yekunlaşmaqda olan bu ilki bal mövsümünü arıçılar üçün qənaətbəxş saymaq olar. İndi rayon arıçılarını düşündürən yeganə məsələ, havalar soyumadan qışa hazırlıq işlərini yekunlaşdırmaq və əldə etdikləri məhsulları satmaqdır. Vaxtaşırı paytaxtda təşkil edilən arıçılıq məhsullarının satış yarmarkası onların bu qayğısını nisbətən həll edir. Hal-hazırda rayonda arıçılıq məhsulları içərisində ən çox istifadə edilən min bir dərdin dərmanı olan balın bir kiloqramının qiyməti 20-25 manat aralığında dəyişir. Arıçı mütəxəssislərin fikrincə, iri marketlərdə satılan arıçılıq məhsullarındansa öz yerli məhsulumuz alıcılara təklif edilsə, həm alan keyfiyyətdən razı qalar,həmdə xeyir Vətənə qalar.