"Şamaxı" FK yaradıldı...

29 Oktyabr 2019 16:15

Uzun fasilədən sonra Gənclər və İdman nazirliyinin və Şamaxı rayon icra hakimiyyətinin dəstəyi ilə Şamaxıda yenidən futbol komandası yaradılıb. AFFA-nın Region Liqasının 2019/2020-ci il mövsümünün qeydiyyatından keçən komanda faliyyətə başlayıb. Bu da Şamaxı gənclərinin sevincinə səbəb olub. Yeni yaranan Şamaxı futbol klubu ilk qələbəsini də qazanıb. Təxminən 1000 nəfərə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib. Qarşılaşma 1:0 hesabı ilə “Şamaxı” komandasının xeyrinə yekunlaşıb. Qeyd edək ki, Şamaxıda ilk futbol komandası 1987-ci ildə yaranıb. Həmin dövrdə "İnşaatçı" Şamaxı adı ilə yaranan klub SSRİ çempionatında 3-cü zonanın ikinci kiçik liqasında iştirak edərək yüksək nailiyyətlər qazanmağa başlayıb. 1992-ci ildə müstəqillik qazandıqdan sonra və ilk milli çempionatın başlaması ilə klub Azərbaycanın əsas liqasında oynayıb və klubun adı "Şirvan" Şamaxı olaraq dəyişdirilib. Zaman getdikcə maddi sıxıntılar çəkən komanda dağılıb. Yeni komandadan isə gözləntilər böyükdür. Şamaxılılar yeni komandanın rayonu premyer liqada təmsil edəcəyini gözləyirlər...