Toyda qonşular arasında baş verən mübahisə ölümlə nəticələndi...

24 Oktyabr 2019 15:32

Zaqatalada toyda qonşular arasında baş verən mübahisə ölümlə nəticələnib. Hadisə axşam saat 23:00 radələrində rayonun Danaçı kəndində baş verib. Kənd sakini 56 yaşlı Abakar Salam oğlu Zutov və həmkəndlisi 29 yaşlı Abdul Rəcəb oğlu Ayalov qonşularının toy məclisində mübahisə edib. Məclis iştirakçıları davanın qarşısını almaq üçün mübahisə edən tərəfləri sakitləşdirib. Mərasim başa çatdıqdan sonra adıçəkilən şəxslər toy sahibinin evində yığışıblar. Bu zaman onlar arasında yenidən dava düşüb. Dava zamanı Abdul Ayalov üzərində olan bıçaqla Abakar Zutova və onun oğlu 28 yaşlı Həmzət Zutova xəsarət yetirib. Ağır bıçaq xəsarətləri olan Abakar Zutov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Oğlu Həmzət Zutova isə sol əlin və sol kürəyin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub, xəsarəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmkəndlisini bıçaqlayaraq qətlə yetirən Abdul Ayalov Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.