Müstəqillik günü bölgələrdə qeyd olundu...

18 Oktyabr 2019 18:11
İsmayıllı gəncləri 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş möhtəşəm yürüş keçiriblər. Gənclər və İdman Nazirliyi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yürüşə rayonun idarə, müəssisə və təşkilatları, Qarabağ müharibəsi əlilləri və veteranlar, könüllülər , tələbələr qatılıb. “Milli müstəqilliyə aparan şərəfli yol”, “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizləri səsləndirilən yürüşə “Ana harayı” soyqırımı abidəsinin qarşısından start verilib. Müstəqilliyimizin ilk illərindən, onun möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışılıb. İki min nəfərdən çox gənc Heydər Əliyev prospekti ilə Ümummilli Liderin abidəsinin ucaldıldığı mərkəzi meydana gəlib. Xor kollektivi tərəfindən Dövlət Himni oxunub, Azərbaycan xəritəsini canlandıran fləşmob nümayiş etdirilib. Yürüş müstəqilliyimiz naminə canlarından keçən şəhid soydaşlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.
Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində Azərbaycanın müstəqilliyinə həsr olunmuş “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilib. Tədbirdə XX əsrin sonlarında keçmiş Sovet İttifaqında suverenlik uğrunda aparılan mübarizədən, Azərbaycanı azadlığa aparan çətin yoldan və respublikamızın müstəqillik illərində qazandığı uğurlardan bəhs edilib. Vurğulanıb ki,1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dövrü – müstəqil inkişaf dövrü başlanıb. Sonda şagirdlərin hazırladıqları bədii kompozisiyalar nümayiş edilib.
Azərbaycan Pedaqoji universitetinin Şəki filialında da müstəqilliyin 28-ci ildönümü ilə əlaqədar konfrans keçirilib. “Milli müstəqillik və çağdaş Azərbaycan” mövzusunda keçirilən elmi-nəzəri konfransda çıxış edənlər bildirib ki, dövlət müstəqilliyimizin bərpa edildiyi ilk illər Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olub. Ulu öndər Heydər Əliyev şəxsiyyəti xalqımızı müdrik siyasəti ilə keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarıb. Sonda müstəqilliyimizə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qaxda da rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə yürüş keçirilib. Yürüşə 400 nəfərə yaxın rayon gəncləri, idmançılar və məktəblilər qatılıb. Bayraq meydanından start götürən yürüş şəhər parkında yekunlaşıb. Burada gənclərdən ibarət fləşmob təşkil olunub.
Zaqatalada da 18 Oktyabr Müstəqillik günü qeyd edilib. Tədbirdə çıxış edənlər 11918-ci ildə olduğu kimi, 1991-1993-cü illərdə də müstəqilliyimizin ciddi təhlükələrə məruz qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, çıxılmaz vəziyyətdə olan Azərbaycanı bu çətin sınaqdan doğma xalqına qəlbən bağlı olan Ulu Öndər xilas edib. Həmçinin vurğulanıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz tərəqqi yolu ilə irəliləyir.
Balakəndə isə Müstəqillik günü münasibəti ilə fləşmob keçirilib. Balakən Rayon Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi tədbirə rayonun 35 ümumtəhsil məktəbindən 1000-dən çox yeniyetmə gənc qatılıb. Gənclər Azərbaycan bayrağı ilə şəhərin mərkəzi küçələrindən keçib Bayraq Meydanına, burdan da yallı sədaları altında Heydər Əliyevin adını daşıyan İstirahət Parkına gəliblər. Ardınca gənclər cəngi sədaları altında Azərbaycan Respublikasının xəritəsini fləşmob vasitəsi ilə canlandırıb. Tədbir Dövlət Himnimizin ifası ilə sona çatıb.