Şəki-Zaqatalada 39 investisiya layihəsinin maliyyələşdirilməsinə yarım milyon manatadək güzəştli kredit verilib...

17 Oktyabr 2019 15:33

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Zaqatalada keçirdiyi işgüzar forumda Şəki-Zaqatala iqtisadi rayonunda heyvandarlıq, bağçılıq və sair sahələr üzrə 39 investisiya layihəsinin maliyyələşdirilməsinə 491 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması nəticəsində 50-dək yeni iş yeri açılacaq. Forum çərçivəsində güzəştli kreditlərin verilməsi mexanizmi barədə treninq təşkil edilib, Zaqatala rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi, tütünçülük, bağçılıq, arıçılıq təsərrüfatlarının, quru tütün saxlanılması üçün anbar kompleksinin, fındıq emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi forumda sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.