Şabalıd bağlarında qızğın iş gedir...

16 Oktyabr 2019 15:04
Azərbaycanın mətbəxinin şahı sayılan plovu onsuz təsəvvür etmək mümkün deyil. Söhbət aş qarasına xüsusi ləzzət qatan şabalıddan gedir. Bir neçə ildir təhlükə ilə üzləşən Qəbələnin şabalıd bağlarından bu il bol məhsuldarlıq gözlənilir. Artıq bir neçə gündür şabalıd yığımı başlayıb. Son zamanlarda Qəbələnin ən böyük problemlərindən biri şabalıd ağaclarının quruyaraq məhv olma təhlükəsinin yaranması idi. Ancaq bağ sahiblərinin artıq üzü gülür. Belə ki, son iki ildə görülən tədbirlər nəticəsində ağaclar qurumur, bağlar “cavanlaşır” və məhsuldarlıq artır. Şabalıd yığımı qoz və ya fındıq yığımından olduqca fərqlənir. Qoz və fındıq ağacları sirkələndiyi halda, şabalıd mütləq çırpılmalıdır. Çox vaxt, bağ sahibləri bu işin öhdəsindən özləri gələ bilmir və peşəkarlara müraciət edirlər. Belə ki, meyvələri çırpmaq üçün peşəkar ağacın ən hündür hissəsinə dırmanmalıdır. Bundan başqa, meyvənin tikanlarından da xəsarət almaq təhlükəsi var. Şabalıdı çırpmanın daha bir üstün cəhəti ondan ibarətdir ki, meyvə qərzəyində qalır və gələn il mart ayı üçün quyularda saxlandığı zaman qərzək tam quruyur və meyvənin çürüməsinin qarşısını alır. Ötən il Qəbələdə 415 ton şabalıd meyvəsi yığılıb, bu il isə göstəricinin 530 tona yaxın olması gözlənilir.