Şəkidə antik dövrə aid tapıntılar aşkarlandı...

09 Oktyabr 2019 13:54

Şəkinin Fazıl kəndində azərbaycanlı və qazaxıstanlı arxeoloqlar qazıntılar aparır. Qazıntılar Təpə Başı adlanan və əvvəllər arxeoloq Nəsib Muxtarovun kütləvi şəkildə qəbrlər aşkar etdiyi ərazidə gedir. Ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun antik dövr arxeologiyası şöbəsi və Qazaxıstanın Berel arxeoloji qoruğu arasında imzalanan müqaviləyə əsasən qazıntı aparılır. Araşdırmalar Antik dövr və Dəmir dövrünün izlərini üzə çıxarıb. Arxeoloqların sözlərinə görə, qazıntılar zamanı aşkar edilmiş tapıntılar bir dövrdən digərinə keçidin izlərini daşıyır. Ancaq keçid prosesində ərazidə yaşayan əhali dəyişməyib, sadəcə yeni mədəni dalğa özünü göstərib. Ərazidə 5 qəbr və 3 qurbangah aşkar edilib. Qəbrlərin müxtəlif dövrlərə aid olduğu ehtimal edilir. Ərazidə dron vasitəsi ilə də çəkilişlər aparılır. Qazıntıların foto planları hazırlanır, 3D modeli yığılır. İşlər yekunlaşdıqdan sonra tapıntıların bir qismi ərazidə yerləşən və arxeoloq Nəsib Muxtarov tərəfindən yaradılmış "Əbədi süküt labirinti" muzeyində sərgilənəcək. Həmçinin yerli muzeylərə də ekponatlar təqdim ediləcək.