"Çuxuryurd"u çuxura salanlar kimlərdir?

09 Oktyabr 2019 10:57

Ürək bulandıran görüntülər Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən eyniadlı gölün ətrafında çəkilib. Yoldan keçən, heyvan otaran, bura qonaq gələn, bir sözlə əksəriyyət əlinə keçən tullantını gətirib gölün kənarına atır. Aidiyyatı orqanlara müraciət edərək, burada zibil əlindən tərpənmək mümkün olmadığını, üstəlik atar-atmaz itlərin tullantıları parçalayaraq gölün ətrafına yaydığını da deyən elə özləridir. Necə deyərlər, sakinlər özləri-özlərindən şikayətlənirlər. Göl havasını almaq istədiyin halda udduğu üfunət qoxusunu təsəvvür etmək çətin deyil. Maraqlısı ondadır ki, alacaqları nəfəsi, udacaqları havanı belə zəhərləyənlər, yaratdıqları mənzərəyə ərazidə zibil qutularının olmaması ilə haqq qazandırırlar. Təbii ki, fikrimiz gölün suyunun, ümumilikdə ekologiyanın çirkləndirilməsində və təhlükə altına atılmasında sakinləri günahkar çıxarmaq deyil. Vəziyyətin bu həddə çatmasında ən böyük "pay sahibi" həm də əraziyə cavabdehlik daşıyan Çuxuryurd bələdiyyəsidir. O bələdiyyə ki, çəkiliş qrupumuzu görəndə “əl-ayağa” düşüb gölü tullantılardan təmizləməyə və bununla özlərini də təmizə çıxarmağa çalışsalar da, bu işi də yarımçıq görüblər. Daha dəqiqi, gölün görünən tərəfləri təmizlənib, gözdən uzaq hissələri isə çirkli qalıb. Necə deyərlər, bizimkilərsayağı yanaşma: üstü bəzək, altı təzək. Çuxuryurd gölü həm yerli, həm də xarici turistlərin bu istiqamətdəki əsas istirahət məkanlarındandır və buranın təmiz saxlanılması birbaşa yerli bələdiyyənin məsuliyyətində olan məsələdir. Bundan başqa, gələcəkdə ərazinin təmiz saxlanılması üçün də bələdiyyə sədrinə “məcburi göstəriş” verilib. Lakin iş təkcə cərimələrin tətbiq olunması və ya cəzalandırmaqla bitmir. Təcrübə də göstərir ki, bu, problemin həllində effektiv üsul deyil. Dünya təcrübəsi, yaxud ekologiyanın qorunmasında ən tutarlı üsullar hansılardır, bax bu artıq başqa bir sujetin mövzusudur və təbii ki, davam edəcəyik.