YAP Zaqatalada regional müşavirə keçirib...

08 Oktyabr 2019 16:21

Zaqatalada Yeni Azərbaycan Partiyasının Zaqatala, Balakən və Qax rayon təşkilatlarının ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəallarının iştirakı ilə müşavirə keçirilib. Tədbirdə Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov və müvafiq rayonların icra başçıları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ardınca keçirilən müşavirədə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Baş Nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov çıxış edərək YAP sıralarında 750 minə yaxın Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdırıb. Baş Nazirin müavini ölkənin inkişafını və güclənməsini istəməyən qüvvələrin olduğuna toxunaraq, sosial şəbəkələrdə ölkəmizə qarşı qarayaxma kampaniyasının aparıldığını vurğulayıb. Ə.Həsənov bildirib ki, YAP üzvləri ölkəmizin qazandığı nailiyyətlərin geniş təbliği işini fəal şəkildə aparmalı, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrin, radikal müxalifətin əsl niyyətlərini cəmiyyətimizdə ifşa etməlidirlər. Müşavirədə ictimai-siyasi proseslərdə ərazi ilk partiya təşkilatlarının, partiya fəallarının üzərinə düşən vəzifələr müzakirə olunub, müvafiq tövsiyə və tapşırıqlar verilib. Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.