Şagirdlər “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda maarifləndirilib...

07 Oktyabr 2019 16:30

Şamaxıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda növbəti seminar keçirib. Bu dəfəki maarifləndirici tədbir rayonunun Məlikçobanlı kəndində yerləşən Gülağa Ağayev adına tam orta məktəbdə təşkil olunub. Layihə kənd yerlərində yaşayan məktəblilərin internetdən səmərəli istifadəsinin təmin edilməsi, kibertəhlükəsizlik texnologiyaları sahəsində praktiki və nəzəri biliklərinin artırılması üçün nəzərdə tutulub. Üç əsas istiqamətdə aparılan seminarda ilk növbədə məktəblilərə rabitə və internet haqqında ümumi məlumat verilib, tədris və fərdi inkişaf üçün internetin geniş imkanları, o cümlədən təhlükələri barədə danışılıb. Məktəblilərə müasir virtual şəbəkədə məsuliyyətli davranış qaydaları, şəxsi məlumatların təhlükəsizliyi və digər mövzular haqda ətraflı məlumat verilib. Seminar Beynəlxalq Müəllimlər Günü ərəfəsinə təsadüf etdiyindən təşkilatçılar tərəfindən məktəbin müəllimlərinə müxtəlif hədiyyələr də təqdim edilib.