30 ilin müəllimini narahat edən məqamlar...

05 Oktyabr 2019 14:25

Sabah müəllimlərin peşə bayramıdı. Növbəti sujetimizin qəhrəmanı da illərini şagirdlərinə elm öyrətməklə keçirən bir müəllimdir. Cinsini xüsusilə vurğuladım. Çünki son zamanlar kişi müəllimlərin sayı barmaqla sayılacaq qədər azalıb. Vəziyyət o yerə çatıb ki, əksər məktəblərdə idman dərslərini belə qadın müəllimlər keçir. Mütəxəssislər hesab edir ki, qadınlarla yanaşı, kişi müəllimlərin də təlim-tərbiyəsinə, tədrisinə olduqca böyük ehtiyac var. Görək sujetimizin qəhrəmanı necə düşünür. Dilbazi Cəmilov 30 ilə yaxındır ki, müəllim işləyir. Coğrafiya fənnini tədris edən Dilbazi müəllim bu illər ərzində dərs dediyi şagirdlərin sayını da itirib. Bildiyi bir şey var ki, peşəsilə qürur duyur. Dilbazi müəllim bu gün müəllimlərə göstərilən diqqət və qayğıdan da məmnun olduğunu deyir. Onun fikrincə bir çox gənclərin müəllimlik peşəsinə istiqamətlənməsində həvəsləndirici tədbirlərin rolu böyükdür. Amma elə bu məsələdə onun narahat qaldığı məqamlar da var. Bu narahatlıq kişi müəllimlərin sayının getdikcə azalmasıdı. Deyir ki, orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına mənfi yöndə ciddi təsir göstərir. Statistik rəqəmlər də narahatlığa əsas olduğunu deyir. Ölkədə 140 mindən çox müəllimin 80 faizini qadınlar təşkil edir. Ancaq ümidverici məqam ondan ibarətdir ki, son illər müəllimlərin işə qəbulu üzrə imtahanlarda kişilərin sayı artmaqdadır.