Şamaxıda “Mədəniyyət həftəsi”

04 Oktyabr 2019 17:20
Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Şamaxıda “Mədəniyyət həftəsi” təşkil olunub. “Mədəniyyət həftəsi” boyunca konfrans və tədbirlər keçirilib.
Heydər Əliyev Parkında keçirilən konsertdə ictimaiyyət nümayəndələri ilə yanaşı, N saylı hərbi hissəsinin zabit, gizir və əsgər heyəti, aktyorlar, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər. Konsertdə gənc gitaraçılar məşhur “Cənab leytenant” mahnısını ifa ediblər. Daha sonra Mərkəzin əməkdaşları "Səni vətən çağırır", "Mədəniyyət və silahlı qüvvələr", "Əsgər salamı" adlı məruzələri ilə çıxış ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində “Neft və mədəniyyət xalqın sərvəti kimi” adlı elmi konfransda Neft Şirkətinin, Milli Elmlər Akademiyasnın və müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər iki milli sərvətimiz olan mədəniyyət və neft arasında əlaqələr sayəsində əsrlərdən bəri möhtəşəm layihələrə imza atıldığını vurğulayıblar. Tədbirin sonunda mövzu ilə bağlı maraqlı təkliflər verilib. “Mədəniyyət həftəsi”nin axırıncı günündə “Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır” adlı poeziya axşamı keçirilib. Şamaxı Astrofizika Rəsədxanasında keçirilən poeziya axşamında Nəsimi irsi haqqında söhbət açılıb. Çıxış edənlər bildirilib ki, Nəsimi ana dili ilə yanaşı, farsca və ərəbcə də yazıb. Onun şeirləri rus, gürcü, türk həmçinin digər dillərə tərcümə edilib. Sonda mətbuat nümayəndələri üçün “Mədəniyyət həftəsi”nə həsr olunmuş brifinq təşkil olunub. Brifinqin yekununda mətbuat nümayəndələri, o cümlədən ARB Media Qrub təltif edilib.