"Yeddi gözəl"ə aparan yolun vəziyyəti...

02 Oktyabr 2019 14:48
Qəbələnin məşhur "Yeddi gözəl" şəlaləsi hər il yüzlərlə yerli və xarici turisti qonaq edir. Amma “Yeddi gözəl”ə gəlmək üçün də elə ən az 7 təpə aşmalı olan turistlər burdan məyus ayrılır. Çünki əraziyə aparan 5 km-lik yol təmirsiz vəziyyətdədir. Turistlər belə məyus olursa, orda yaşayan və hər gün bu yoldan istifadə edənlərin vəziyyətini düşünmək elədə çətin deyil.
Qəbələdə turistlərin ən çox üz tutduğu məkanlardan biri "Yeddi gözəl" şəlaləsidir. Amma magistral yoldan şəlaləyədək olan yol heç də yaxşı vəziyyətdə deyil. Şəlalənin yerləşdiyi Rusyan məhəlləsində təxminən 250-yə qədər ev var. Sakinlər deyir ki, yayda toz-torpaq, qışda yağıntının əmələ gətirdiyi gölməçə və palçıqlı yol xüsusilə məktəblilər üçün ciddi çətinlik yaradır. Unikal gözəlliyi ilə məşhur olan şəlaləni görmək istəyən turistlər isə yolun bərbad olması səbəbindən ya geri qayıdır, ya da gəldikləri maşını saxlayıb taksi ilə getməli olurlar. Ərazidə yaşayanların sözlərinə görə, yolun təmirsiz olması turistlərin sayına da mənfi təsir göstərir. Vəndam bələdiyyəsindən isə keçən il yolun əsaslı təmir edildiyi, sonradan yağış, sel nəticəsində yenə də dağıldığı bildirildi. Bələdiyyədən yolun ciddi təmirə ehtiyacı olduğunu etiraf etsələr də bunun bələdiyyənin imkanları xaricində olduğunu dedilər. Amma turizm sektorunun inkişafından ağız dolusu danışdığımız bir zamanda əcnəbiləri yoldan qaytaran bu yolun bərpasının nə qədər əhəmiyyətli olduğunu yəqin ki, aidiyyatı qurumlar yaxşı anlayır. Yerli sakinlərin yay-qış yaşadığı çətinlik də öz yerində.