Zaqatalada II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib...

30 2019 15:29

Azərbaycan hazırda fındıq istehsalı üzrə dünya ölkələri arasında üçüncü yerdədir. Ölkəmizdə fındıq istehsalının böyük hissəsi Zaqatala rayonunun payına düşür. Rayonda ənənəvi sahələrdən olan fındıqçılığın, həmçinin qərzəkli meyvəçiliyin daha geniş təbliğ edilməsi məqsədilə II Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilib. Zaqatalanın "Dədə Qorqud meydanı"nda keçirilən festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi nümayiş olunub. Sərgidə fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da yer alıb. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin rəhbər və təmsilçiləri, dövlət qurumlarının nümayəndələri, deputatlar, fındıq istehsalçıları və ixracatçıları və digər qonaqlar fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Festivalın ikinci günü Zaqatalada fındıq və digər qərzəkli meyvələrin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçirilib. Tədbirdə bu sahənin mütəxəssisləri ilə yanaşı, Gürcüstanın Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr və fermerləri iştirak edib. Vurğulanıb ki, Zaqatalada fındıqçılığın çox böyük potensialı var. Tədbirdə həmçinin fındıq bitkisinin müasir becərilmə texnologiyaları və aqrotexnikası barədə ətraflı məlumat verilib. Azərbaycan və Qonşu Gürcüstanda Fındıqçılığın inkişafı və ekoloji təmiz məhsulun İstehsalı ilə bağlı görülən işlər geniş təhlil edilib. Təkgövdəli fındıq becərilməsinin elmi əsasları, şabalıd bitkisində göbələk mənşəli xəstəliklər,Qərzəkli bitkilərin istehsalı və marketinqi mövzularında məruzələr dinlənilib. Festivalın sonuncu – üçüncü gün qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunub.