“Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalı” bu dəfə həm də şairin 650 illik yubileyinə təsadüf edir...

30 2019 11:48

2018-ci ildən keçirilən və artıq ənənə halını alan “Nəsimi- şeir, incəsənət və mənəviyyat festivalı” bu dəfə həm də şairin 650 illik yubileyinə təsadüf edir. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan Nəsimi şeir, incəsənət və mənəviyyat Festivalının ikinci günü, dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin doğulduğu Şamaxı şəhərində davam edib. Tədbir Şamaxı tarix Diyarşunaslıq Muzeyindən başlanılıb. Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi və onun kimi mütəfəkkirlərin yaradıcılığının təqiqi və təbliği sahəsində fondun gördüyü işlərdən danışıb. Türkiyə, Çin, Rusiya, Əfqanıstan, İndoneziya, Fransa, İngiltərə və digər ölkələrdən 150 nəfərdən çox qonağın iştirak etdiyi festivalda, iştirakçılara Şamaxı Antologiyası əlyazmasına dair sərginin təqdimatı olub. Sonra qonaqlar Əfqanıstanın Zahra Orkestrinin Detaché və Azərbaycanın İnci Ansamblı ilə birgə çıxışlarını dinləyiblər. Festivalın ikinci hissəsində Şamaxının Meysəri kəndində installyasiyanın açılışı olub. Əsərin müəllifi rəssam, heykəltəraş Rəşad Ələkbərovdur. Nəsiminin ruhu adlı əsər, dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş müasir incəsənət installyasıdır. Əsər Nəsiminin “Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaradılıb. Sonra Mədəniyyət Nazirliyinin söz ədəbiyyat layihəsinin iştirakçılarının Nəsimi yaradıcılığından ilhamlanan şeir axşamı keçirilib.Festival Nəsimi poeziyası üzərində muğam konserti ilə davam edib. Dörd gün ərzində Nəsimi yaradıcılığına müxtəlif sahələrdə nəzər yetiriləcək, yeni baxışlar, müxtəlif maraqlı layihələr üzərindən dahi şairin yaradıcılığına və fəlsəfəsinə baxış olacaq. Festivalın bağlanış mərasimi oktyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək.