Xaldan - Şəki yolunda yenidənqurma işləri aparılır...

26 2019 16:28

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulma işləri aparılır. Yol təmir olunduqdan sonra yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatının və turizmin inkişafına da müsbət təsir edəcək. Magistralın yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun ümumi eni 15 metrdir. Hazırda işlər sürətlə davam edir. Sürücülər üçün isə alternativ yol salınıb. 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunacaq. Artıq körpülərin inşasına başlanılıb. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçidin inşası, 32 avtobus dayanacağının da quraşdırılması nəzərdə tutulur. Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq. İşlər texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.