Qaydaları pozan ictimai nəqliyyat vasitələri cərimələndi...

25 2019 16:34
Şəkidə ictimai nəqliyyatda yaşanan problemlərin aradan qaldırılması istiqamətində reyd keçirilib. Reyddə Şəki şəhər İcra hakimiyyəti başçısının sərəncamına uyğun yaradılmış komissiyanın üzvləri iştirak ediblər.

Reyd zamanı komissiya üzvləri mövcud problemlərin həlli istiqamətində şəhərin müxtəlif hissələrində ictimai nəqliyyat vasitələrini saxlayaraq baxış keçirib, tələbləri və qaydaları pozan sürücülərə qarşı tədbirlər görülüb. Belə ki, əksər ictimai nəqliyyat vasitələrinin vəziyyəti heç də ürəkaçan deyil. Əsasən ötən əsrin 90-cı illərinə aid mikroavtobusların üstünlük təşkil etdiyi ictimai nəqliyyat vasitələri ya çirkli, ya oturacaqları yararsız, ya da ki, tutumundan artıq sərnişin götürdükləri üçün təhlükə daşıyırlar. Reyd zamanı tutumundan artıq sərnişin daşıyan mikroavtobuslardan sərnişinlər düşürülüb və növbəti ictimai nəqliyyat vasitəsini gözləmək üçün dayanacağa yönləndiriliblər. Sürücülər isə cərimələniblər. Ümumilikdə reyd zamanı ictimai nəqliyyat vasitəsi sürücüləri barədə 10-dan çox protokol tətbiq edilib. Bu cür reydlərin bundan sonra daha da intensiv şəkildə keçiriləcəyi və Şəkinin turizm şəhəri simasına xələl gətirən yararsız ictimai nəqliyyat vasitələrinin xəttən götürüləcəyi barədə sürücülərə xəbərdarlıq edilib.