İsmayıllıda YAP ilk təşkilat sədrlərinin bölgə müşavirəsi keçirilib...

23 2019 14:12

İsmayıllı şəhərində Yeni Azərbaycan Partiyasının İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Kürdəmir və Şamaxı ərazi ilk partiya təşkilatları sədrlərinın iştirakı ilə müşavirə keçirilib. Müşavirədən əvvəl Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olub. Zona müşavirəsində YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruzəli Aslanov iştirak ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini, vətəndaşların həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində çox əhəmiyyətli addımların atıldığını bildirib. Vurğulanıb ki, partiyanın və ölkəmizin inkişafında gənclərin rolu böyükdür. Hazırda YAP-ın 750 mindən çox üzvü var, bunun da 40 faizi gənclərdir. YAP sədrinin müavini-icra katibi Əli Əhmədov partiya həyatı ilə bağlı müşavirə iştirakçılarına müvafiq tövsiyə və tapşırıqlarını verib. Qeyd edək ki, Əli Əhmədov İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi veteranları ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb.