Qaxda keçirilən III Bal bayramı iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb...

20 2019 13:04

Qax rayonunda Bal bayramı keçirilib. Artıq üçüncü ildir ki, keçirilən bal bayramı rayonun kənd təsərrüfatının ənənəvi sahələrindən olan arıçılığın təbliği və bu sahəyə marağı artırmaq məqsədini daşıyır. Bal bayramında iştirakçılar əvvəlcə Bal Evində olub ordakı arıçılıq təssərüfatı ilə tanış olublar. Ardınca bayram “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində davam edib. Rəsmi açılış mərasimindən sonra bal və arıçılıq məhsullarının, arıçılıqda istifadə edilən avadanlıqların sərgisi ilə tanışlıq olub. Ölkədə arıçılığın inkişafında böyük əhəmiyyət kəsb edən festivala Qaxla yanaşı, ətraf rayonlardan da arıçılar qatılıb. Bal bayramında hazırlanmış geniş çeşiddə mətbəx nümunələri, şirniyyat və xörəklər süfrələri bəzəyərək qonaqlara təqdim olunub. Həmçinin festival çərçivəsində burada müxtəlif bölgələrin arı məhsullarından dadmaq mümkün olub. Tanınmış incəsənət ustalarının təqdim etdiyi geniş konsert proqramı da bayram iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.