"Basqal"ın tarixi araşdırılır...

19 2019 14:16
Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini və ənənələrini özündə yaşadan tarixi yerlərimizdən olan Basqalda ilk dəfə olaraq arxeoloji qazıntılar aparılır. Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq​ arxeoloji tədqiqatlara ehtiyac olub. Dövlət Turizm Agentliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya institutu hazırda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində ilk dəfə olaraq arxeoloji qazıntılar aparır. Əvvəlcə qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlar aparılıb. Arxeoloqlar ilkin mərhələdə qəsəbənin​ kürəbənd adlanan​ kanalizasiya sistemi, qədim məscid və qala divarları aşkar edib. Məscid ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub. Basqal məscidinə aid edilən kitabələrdən birində Şeyx Məhəmməd və oğlu Şeyx Səfayinin adı çəkilir. Məscidin divarına bərkidilən və 1568-ci ilə aid olan həmin kitabədə iki şeyxin adının çəkilməsi belə ehtimal etməyə əsas verir ki, bu məkan Şirvanşahların himayə etdiyi sufi məktəblərindən birinin xanəgahına aid olub. Basqalda aparılan arxeoloji qazıntılar yerli sakinlərə qəsəbənin dəqiq tarixi barədə məlumat verə biləcək. Bir sözlə, Basqalda aparılan arxeoloji tədqiqatların ilkin nəticələri arxeoloqlar qarşısında yeni üfüqlər açıb. Mütəxəssislər hesab edir ki, hər daşı tarix qoxan Basqalın keçmişini daha dərindən və hərtərəfli araşdırmaq üçün genişmiqyaslı arxeoloji tədqiqatları davam etdirmək zəruridir.