Şamaxıda Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılışı olub...

10 2019 13:26

50 milyonluq dünya Azərbaycanlılarını 48 ölkədə təmsil edən 120 gəncin iştirak ilə qədim Şamaxı şəhərində təşkil olunan İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan Diaspor Gənclərinin II Yay Düşərgəsinin açılış mərasimi olub. Düşərgə Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə keçirilib. Layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Diaspor Gənclərinin II Yay Düşərgəsi xaricdəki gənclərimizin birliyinin yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Bu birlik Azərbaycanı bütün dünyada daha geniş tanıtmaq üçün birgə fəaliyyətin qurulmasına böyük təsir göstərə bilər. Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli, maarifləndirici tədbirlər təşkil olunacaq. Sonda iştirakçıların sertifikatla təltif olunması nəzərdə tutulur.