İsmayıllı rayonunda işgüzar forum keçirilib...

09 2019 16:23
Sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi, yeni dəstək mexanizmlərinin hazırlanması və tətbiqi, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 9-da İsmayıllı rayonunda keçirilib. İşgüzar forum çərçivəsində cins heyvandarlıq, arıçılıq, intensiv bağçılıq və bitkiçilik təsərrüfatlarının, ət kəsimi və satışı mərkəzinin, süd emalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Çıxışlarda özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, bu ilin ötən dövründə 545 sahibkarın ümumi dəyəri 182 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 50,1 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2000-dək iş yerinin yaradılmasına imkan verir. İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 28 sahibkara 476 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, üzümçülük və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 30-dan çox iş yerinin açılması mümkün olacaq. Tədbir çərçivəsində İsmayıllıda güzəştli kredit ayrılmış müalicə-turizm kompleksində aparılan işlərə və heyvandarlıq kompleksinə baxış keçirilib.