Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb...

04 2019 12:36

Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 29-da başlanan Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb. Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Rusiya, Macarıstan və Qazaxıstandan gəlmiş musiqi qruplarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər. Festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, həmçinin TÜRKSOY-un rəsmiləri, musiqisevərlər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bağlanış mərasimində TÜRKSOY ölkələrindən olan musiqiçilərin iştirakı ilə Qazaxıstan estrada-simfonik orkestri konsert proqramı ilə çıxış edib. Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək, Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə, festivalın bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib. Qazaxıstan estrada-simfonik orkestrinin dirijoru Kanat Axmetova, həmçinin Firəngiz Əlizadə və Düsen Kaseinova şəhər icra hakimiyyəti adından festivalın rəmzi simvolu təqdim olunub. Festivalın bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.