Şəki “İpək Yolu” festivalının 4-cü günü xoş təəssüratlarla yadda qalıb...

03 2019 12:15

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı dördüncü gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. Belə ki, festivalın 4-cü günü tamaşaçılar 2 fərqli qrupun konsert proqramını izləyə biliblər. Şəkidə davam edən “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevərlərə Rusiyadan gəlmiş “No Indifference” instrumental kvintetinin konserti təqdim olunub. Konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Konsert zamanı “No Indifference” instrumental qrupunun üzvlərinin təqdim etdikləri şən musiqi nömrələri tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edib. Konsertin sonunda festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Firəngiz Əlizadə çıxış edərək rəngarəng konsert proqramına görə kollektivə təşkilatçılar adından minnətdarlığını bildirib və festivalın simvolunu qrupun rəhbərinə təqdim edib. Daha sonra isə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub. Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Kamera Orkestri 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib. Proqramda, həmçinin festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “Rəqs” əsəri də yer alıb. Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub. Bu gün isə festivalın təntənəli bağlanış mərasimi keçiriləcək. TÜRKSOY ölkələri musiqiçilərinin iştirakı ilə Qazaxıstan estrada-simfonik orkestrin konserti ilə Şəki “İpək Yolu” X Beynəlxaql Musiqi Festivalına yekun vurulacaq.