Şəki “İpək Yolu” festivalının 3-cü günündə Macarıstanın “Kerekes Band” qrupunun konsert proqramı təqdim olunub...

02 2019 13:21

Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının üçüncü günündə tamaşaçılara Macarıstanın “Kerekes Band” instrumental qrupunun konsert proqramı təqdim olunub. Heydər Əliyev Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının rəhbərləri, tədbirin qonaqları, eləcə də musiqisevərlər iştirak ediblər. Konsertin əvvəlində qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “Kerekes Band” Macarıstanın özünəməxsus innovativ janr üslubunda çıxışları ilə seçilən musiqi qrupudur. Parlaq və dinamik çıxışları ilə fərqlənən bu instrumental kollektiv 2003-cü ildə Macarıstanın “Birinci qrupu” adına layiq görülüb. “Kerekes Band” instrumental qrupunun təqdim etdiyi musiqilər tamaşaçıların ürəyincə olub. Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib. Festivalın proqramına uyğun olaraq, bu gün axşam saatlarında Rusiyanın “No İndifference” instrumental kvintetinin konserti olacaq.