Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı olub...

01 2019 15:18

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Türkiyə, Rusiya, Macarıstan və Qazaxıstanın, həmçinin Azərbaycanın tanınmış musiqi və teatr kollektivləri, istedadlı musiqiçilər iştirak edirlər. Çıxış edənlər festivalın əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, festivallar Şəkinin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası açıq havada nümayiş olunub. Tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor və xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan operanın sonunda Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə quruluşçu-rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyevə “Üzeyir Hacıbəyli” medalını, həmçinin kollektivə festivalın simvolunu təqdim edib. Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının 2-ci günü çərçivəsində Heydər Əliyev Mərkəzində Şəki Folklor Ansamblının konserti olub. Konsertdə şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər. Ansamblın üzvləri müxtəlif qədim milli xalq çalğı alətlərində - tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Konsertin sonunda ansambla festivalın rəmzi simvolu təqdim olunub. Festivalın proqramına uyğun olaraq, axşam Şəki Dövlət Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunub. İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş “Nəsimiyə ithaf” musiqili tamaşası təqdim edilib. Səhnədə Nəsiminin surəti görünür. Sufi şair və mütəfəkkir Nəsimi mələklərlə əhatə olunub. Sanki gözəlliyi, işıqlı və saf qüvvələri təcəssüm etdirən bu obrazlar onlara qarşı çıxan qaranlıq və zalım qüvvələrlə mübarizə aparırlar. Bu qarşıdurmaya Şair də cəlb olunur və nəticədə qeyri-bərabər mübarizə Nəsiminin faciəvi ölümü ilə bitir. Tamaşada nüfuzlu beynəlxalq festival və konsertlərdə iştirak edən ifaçılar, Prezident təqaüdçüləri, beynəlxalq müsabiqələrin laureatları çıxış ediblər. Uğurla başa çatan tamaşanın sonunda Bəstəkarlar İttifaqının sədri, tamaşanın müəllifi Firəngiz Əlizadə kollektivə festivalın rəmzi simvolunu təqdim edib. Festivalın proqramına uyğun olaraq bu gün axşam Heydər Əliyev Mərkəzində Macarıstanın “Kerekes band” instrumental qrupunun konserti olacaq.