Xarici ölkələrin diplomatları Zaqataladan zəngin təəssüratla ayrılıblar...

29 2019 16:06

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə respublikamızın şimal-qərb bölgəsinə səfərləri çərçivəsində Zaqatala rayonunda olublar. 45-dən çox ölkəni və beynəlxalq təşkilatları təmsil edən diplomatlar Zaqatalanın sosial-mədəni həyatı və tarixi məkanları ilə tanış olub, emal müəssisələrinə baş çəkiblər. Diplomatlara Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verilib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonu tarixən multikulturalizm ənənələri ilə də fərqlənir. Rayonda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.