Sakinlərə hücum edən canavarın tapılması üçün işçi qrup yaradıldı...

29 2019 14:30

Oğuzun Xaçmaz kəndində sakinlər əllərində balta, dəhrə və s. alətlərlə gəzir. Səbəbsə ötən gün kəndə canavarın hücum etməsi və qabağına çıxan hər kəsi dişinə keçirməsi olub. Faktla bağlı aidiyyatı qurumlar da hərəkətə keçib. Oğuzun Xaçmaz kəndinə hücum edən canavar ikisi uşaq olmaqla 4 nəfəri yaralayıb. Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Canavar hücumu nəticəsində 15 yaşlı Namiq Bəkirli başın, üst dodağın, boynun və başın arxa səthindən, 15 yaşlı Tural Məmmədnəbili sol əlin bazu və sol ayağın bud nahiyyəsindən, 57 yaşlı İbrahim İslamov sağ əlin üçüncü barmağından və 57 yaşlı Mahirə Məmmədova sağ əlin barmağından xəsarət alıb. Burada hər 4 zərərçəkənə də ilkin tibbi yardım göstərilib, yaralarına tikiş qoyulub və quduzluq əleyhinə vaksinlər vurulub. Canavarın eyni vaxtda bir neçə mal-qaraya da hucum etdiyi bildirilir. Kənddə isə hər an canavarın yenidən hücum edəcəyini düşünən sakinlər küçələrdə ağaclarla gəzirlər. Canavarın tapılmaması isə bu narahatçılığı biraz da artırır. Faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi həvəskar ovçulardan ibarət İşçi Qrup yaradıb. Nazirliyin Mətbuat xidmətinin məlumatına görə, sözügedən ərazidə işçi qrup tərəfindən vəhşi heyvanın tapılaraq zərərsizləşdirilməsi məqsədilə tədbirlər görülür.