Şəkidə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başlayır...

28 2019 16:00

İyunun 29-dan iyulun 3-dək Şəkidə “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin və habelə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda çoxsaylı qonaqların iştirakı gözlənilir. Festivalda Azərbaycanı və digər ölkələri təmsil edən istedadlı musiqiçilər çıxış edəcəklər. “Nəsimi ili” ilə əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində “Nəsimi mövzusunun Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümü”nə həsr edilmiş dəyirmi masa keçiriləcək. Türkiyənin və TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivlərinin çıxışı olacaq. Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına və şəkililərə ənənəvi milli incəsənətin qədim mərasimlərlə müşayiət olunan teatrlaşdırılmış konsertlərini nümayiş etdirəcəklər. Şəki Turizm İnformasiya Mərkəzindən verilən məlumata görə, şəhərin bir sıra küçə və prospektlərində afişalar yerləşdirilib. İlk festivalda olduğu kimi ənənəvi olaraq 10-cu yubiley proqramı da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının məşhur Yuxarı Karvansaray tarixi memarlıq abidəsi fonunda tamaşası ilə bağlayacaq.