Qaxda su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur...

27 2019 18:03
Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsinə əsasən Qax şəhəri, Qaxbaş və Qaxingloy kəndlərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq. Hazırda sistem üzrə işlər şəhər mərkəzində aparılır.
Layihəyə əsasən, əhalinin dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilib. Bulaq sularının toplanaraq şəhərə ötürülməsi məqsədilə suqəbuledici qurğu tikilib və bu mənbədən Qax şəhərinə qədər 250 mm diametrli borularla 6,7 km magistral su xətti çəkilib. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək məqsədilə inşa edilən və hər birinin tutumu 1000 kubmetr olan 6 ədəd su anbarında işlər başa çatıb. Hazırda rayonun mərkəzi küçələrindən olan Azərbaycan prospekti, Vidadi, Füzuli, Nərimanov və İmam Mustafayev küçələrində işlər davam edir. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanıb və sayğaclaşma işləri həyata keçirilib. Uzun müddət su problemi yaşayan əhali, bugün fasiləsiz və heç bir məhdudiyyətlərin yaranmadığı ekoloji təmiz sudan istifadə edirlər. Layihəyə uyğun olaraq, Qax şəhərində kanalizasiya sistemi ilk dəfə olaraq yaradılır. Bu məqsədlə şəhərin İmam Mustafayev küçəsi boyunca kanalizasiya kollektorunun inşası davam edir. Rayon əhalisi əvvəllər üzləşdikləri su probleminin artıq olmadığını bildirdilər. Qax şəhərində, Qaxbaş və Qaxinqloy kəndlərində yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr olacaq çirkab sutəmizləyici qurğuya ötürüləcək. Qeyd edək ki, Qax şəhərinin su təchizatı sistemi 1950-60-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək Qax şəhərinin əhalisi çay və artezian sularından istifadə edirdi.