DTX Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəkidə konfrans keçirilib...

27 2019 17:30
Terrorçuluq, həmçinin onun nəticələri müasir dünyanın üzləşdiyi əsas və daha təhlükəli problemlərdəndir. Onun qurbanı dövlətlər və insanlar ola bilər. Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəkidə keçirilən konfransda səsləndirilib. “Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və “Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularına həsr olunan elmi-praktik konfransda rayonun rəhbər işçiləri, gənclər və rayonda fəaliyyət göstərən müəssisələrinin, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bildirilib ki, konfransın əsas məqsədi terrorçuluğa qarşı mübarizə, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı gələcək nəslin maarifləndirilməsi və bu mübarizədə onların rolunun artırılmasından ibarətdir. Qeyd olunub ki, bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatların aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir. Dövlətimizin başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Həmçinin müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, terrorizmin beynəlxalq coğrafiyası, beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, Azərbaycan Respublikası terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir. Çıxışlardan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi çətin və şərəfli inkişaf yolundan bəhs edən film nümayiş olunub.