Zaqatalada ağır qəza: 2 ölü, 1 yaralı...

22 2019 12:01

Zaqatalada baş verən ağır yol qəzasında iki nəfər dünyasını dəyişib. Hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb. Balakən rayonunun Katex kənd sakini, 60 yaşlı Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi “Shacman” markalı 90-ST-247 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ 2109” markalı 62-BK-865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Zaqatala şəhər sakini, 32 yaşlı Çingiz Hacıbəy oğlu Sulxayev və onun sərnişini Elçin Darçın oğlu Qurbanov aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Minik avtomobilində olan daha bir nəfər - rayonun Qazangül qəsəbə sakini, 31 yaşlı Rafiq Yunis oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir. Yük maşınının sürücüsü isə xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.