Mədəniyyət naziri Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib...

21 2019 16:50

Mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Mədəniyyət Mərkəzində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda Balakən rayonunda Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən ustad dərslərinin keçirilməsi, “Söz” ədəbi layihəsinin rayonda təşkili, Heydər Əliyev Mərkəzində tanınmış rəssamların əsərlərinin nümayişi, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor qrupları üçün səhnə geyimlərinin verilməsi, mədəniyyət müəssisələrinə yeni ştatların verilməsi ilə bağlı müraciətlər edilib. Zaqatala rayonundan olan vətəndaşların müraciətləri isə kitabxanalara gözdən əlillər üçün audiokitabların verilməsi, Aşağı Tala kəndi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən kitabxanaya yeni ştatların verilməsi, xalça sənətinin inkişafı üçün Heydər Əliyev Mərkəzinin lazımi avadanlıqlarla təchiz edilməsi və ustad dərslərinin keçirilməsi ilə bağlı olub. Görüşdə həmçinin Xalq teatrına dövlət teatrları tərəfindən ləvazimat və inventarların, Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər də səslənib. Qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki və Oğuz rayonlarından, nazir müavini Rafiq Bayramov Qax rayonundan olan vətəndaşları qəbul edib. Qəbullarda ümumilikdə 50 nəfərdən artıq vətəndaşın müraciəti dinlənilib.