Yayın gəlməsi ilə şimal-qərb bölgəsinə turist axını artıb...

20 2019 15:24

Yerli turistlərlə yanaşı, ötən illərlə müqaisədə çox sayda xarici ölkə vətəndaşları da bölgəyə səfər edir. Ən çox turist isə ərəb ölkələri, Rusiya, İran, Almaniya, Qazaxıstan, Koreya, Çin və Hindistandan gəlir. Qəbələyə səfər edən turistlərin əksəriyyəti ərəb ölkələrinin vətəndaşlarıdır. Rayonda fəaliyyət göstərən turizm obyektləri və otellərin 90%-i tamamilə dolub. Turistlərin ən çox marağına səbəb olansa kanatla gəzinti və yerli mətbəxdir. Şəki də turistlərin yay aylarında ən çox üz tutduğu şəhərlərdən biridir. Zəngin təbiəti və tarixi abidələri bura dünyanın hər yerindən turistləri cəlb edir. Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunun içərisindəki Şəki Xan sarayını, Qala divarlarını və saysız tarixi abidəni hər gün yüzlərlə turist ziyarət edir. Yuxarı Baş Dövlət Tarix Memarlıq qoruğunun YUNESKO-nun mədəni irs siyahısına salınması isitqamətində aparılan işlər də buradakı abidələrin adını beynəlxalq səviyyədə tanıtmağa imkan verib. Bu da öz növbəsində turist sayına təsir göstərib. Bu ildən Ərəb ölkələrindən Qəbələyə çarter reyslərinin də olması turistlərin sayına nəzərəçarpacaq dərəcədə təsir edib. Gələcək aylarda da gözlənildiyindən daha çox turistin bölgəyə səfər edəcəyi proqnozlaşdırılır.