"Bir Qəsdin Tarixi" filmi təqdim olundu...

19 2019 15:36

Şəkidə “Bir qəsdin tarixi” sənədli filminin təqdimatı olub. Aranfilm yaradıcılıq mərkəzinin istehsal etdiyi film ictimai-siyasi xadim Nazim Hacıyevə həsr olunub. Təqdimatda Nazim Hacıyevin ailə üzvləri, onun adını daşıdığı Baş Küngüt kənd orta məktəbinin müəllim və şagirdləri, habelə ictimaiyyət nümayəndələri iştirak edib.Ekran əsərində siyasi xadimin keçdiyi həyat yolundan, Azərbaycanın bütövlüyü uğrunda apardığı mübarizələrdən bəhs olunub. Nazim Hacıyev, Ermənistan SSR rəhbərliyinin, habelə SSRİ rəhbərliyində özünə yuva qurmuş Mikoyanın təzyiqlərinə qarşı çıxış edib. Filmdə bu hadisələr özünü real faktlarla göstərməyi bacarıb. Nazim Hacıyev təhsil, beynəlxalq siyasət, habelə dövlət problemləri və partiya quruculuğu məsələləri və s. üzrə 50-dən artıq kitab və elmi məqalələrin müəllifidir. Yüksək intellektə, iti yaddaşa malik olub. Bir neçə dildə sərbəst danışıb. Sənədli filmdə Nazim Hacıyevin oğlu Aydın Hacıyevin şəxsi arxiv materiallarından və nadir səsyazılarından istifadə olunub. Nazim Hacıyevin siyasi və ictimai fəaliyyəti, yüksək vəzifələrdə çalışması şübhəsiz ki, erməni siyasi rəhbərlərinin maraqlarına zidd olduğundan onu aradan götürməyə çalışıblar. Film analoji hadisələrin izləyiciyə çatdırılması baxımından çox uğurlu olub. Təqdimatdan sonra ziyalılar da film haqqında öz təəssüratlarını bölüşüblər. Ölümündən 57 il keçməsinə baxmayaraq Nazim Hacıyev hələ də yaddaşlardadır. Çünki tarix onun izinə düşənləri heç vaxt unutmur. Ailəsi, onun xidmətlərinə qiymət verənlər şəxsiyyəti daim yad edəcək. Elə filmi izləyənlərin etdiyi kimi...