Bu il bal süzümü niyə yubanıb?

17 2019 15:49

Ölkənin ən vacib arıçılıq rayonlarından biri olan Zaqatala-Balakən bölgəsində bu il bal süzümü yubanıb. Bir sıra səbəblər arıçıların kefinə soğan doğrasa da onlar məhsuldarlığın bol olacağına ümidlidirlər. Yazın ilk aylarında hava şəraitinin soyuq və yağmurlu keçməsi Zaqatalada arıçılıqda məhsuldarlığa ciddi ziyan vurmasa da, bal süzümü mövsümünü xeyli yubadıb. Rayon arıçılırarı adətən mayın sonu süzülən, may balı adlanan,akasiya,qaratikan və cökə çiçəklərindən alınan ilk balı hələ indi süzməyə hazırlaşırlar. Səbəb isə yağan yağışın mövsüm bitkilərində çiçəkləməni gecikdirməsidir. Rayon arıçıları artıq Alazan vadisi ərazisindən dağlara köçə başlayıb. Bu il Alazan ərazisində məhsuldarlıq pis olmasa da arıçılar ciddi problemlə üzləşib. Belə ki, məhsuldarlığın ən yaxşı dönəmində, Mingəçevirdən, Acınohur düzündən Balakənə qədər uzanan Alazan çayı sahillərində işçi arıların kütləvi tələfatı qeydə alınıb. Xoşbəxtlikdən cəmi bir neçə gün çəkən bu tələfatın dəqiq səbəbləri məlum deyil. Arıçılar bunu ya çiçək zəhərlənməsi, ya da qonşu Gürcüstanda bitkiçilik üçün istifadə edilən dərman pereparatları ilə əlaqələndirir. Bölgədə, eləcə də Azərbaycanda sırf arıçılıq sahəsində ixtisaslaşan ayrıca labarotoriyanın olmaması isə təsərrüfat sahiblərini çətinə salıb. Belə ki, arıçılıq təsərrüfatlarında baş verən hər hansı bir tələfat zamanı düzgün analizlərin aparılması və düzgün diaqnozun təyin edilməsi xəstəlik və səbəblərin aşkara çıxarılması ilə yanaşı, aradan qaldırılma yöntəmlərinin düzgün təyin edilməsi üçün də olduqca vacibdir.