Gülüstan qalasının "3D scanning" layihəsinin icrasına başlayıb...

14 2019 16:21
Heydər Əliyev Fondunun dəstəyi ilə avstriyalı tanınmış bərpaçı memar Erix Pummer Şamaxı rayonunda tarixi Gülüstan qalasının "3D scanning" layihəsinin icrasına başlayıb. Əsası VI əsrin əvvəllərində qoyulan Şirvanşahlar dövlətinə məxsus Gülüstan qalası Şamaxı şəhərindən 3 kilometr şimal-qərbdə, Böyük Xınıslı kəndindən 200 metr yüksəklikdə uca dağ zirvəsində yerləşir. Şirvan-Abşeron memarlığı formasında inşa edilən qala divarları və bürclər yonulmuş əhəng daşından gəc məhlulu ilə tikilib. Qalaya çıxışın mümkün olduğu bütün yerlər keçilməz qala divarları ilə kəsilib. Gülüstan əsrlər boyu Şirvan hökmdarlarının iqamətgahı olub. Eyni zamanda qala əsrlər boyu düşmən hücumlarına mərdliklə sinə gərib. Amma müharibələr və dağıdıcı zəlzələlər bu yerdən də izsiz ötüşməyib. Qalanın iki bürcü və qala divarlarının bir hissəsi dövrümüzədək gəlib çatıb. Layihə əsasında qalanın 3D qrafik modelinin hazırlanması üçün xüsusi texniki və lazer qurğularla tarixi abidənin yerin altında və üzərində olan qalıqlarının kompleks çəkilişi edilir. Bu proses Gülüstan qalasının 3D qrafik modeli əsasında real maketinin hazırlanmasına və son nəticədə də qalanın bərpası istiqamətində görüləcək işlərin müəyyən olunmasına imkan yaradacaq. Xatırladaq ki, hazırda Şamaxıda olan avstriyalı məşhur bərpaçı-mütəxəssis, dünyanın müxtəlif yerlərində 400-dən çox abidəni bərpa edib. Eyni zamanda bu günədək Erix Pummer Qız qalasında,Şirvanşahlar sarayı»nda, İçərişəhərdəki tarixi Bəylər və Məhəmməd məscidində eləcə də digər abidələrdə bərpa və konservasiya işləri aparıb.