Şamaxıda taxıl zəmilərində güclü yanğın baş verib. Hektarlarla ərazi kül olub...

13 2019 12:50

Hadisə gecə saatlarında rayonun Göylər kəndi ərazisində qeydə alınıb. Yanğın Ağsunun qonşu kəndlərində də müşahidə edilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarının yanğınsöndürən maşınları və canlı qüvvəsi , Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Əlavə olaraq, yanğının qarşısını almaq üçün şum işləri də görülüb. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik yaratsa da yanğının kəndlərə və meşə sahəsinə keçməsinin qarşısı alınıb və saat 5 radələrində tam söndürülüb. Gecə saatlarında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də hadisə yerinə gəlib. İcra başçısı fermerlərlə və kənd sakinləri ilə görüş keçirib. Şamaxı Rayon İcra Hakimiyyətinin məlumatına görə, təxminən 150 ailəyə məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib. Qeyd edək ki, yanğın baş verən ərazidə yerləşən 1,5 km uzunluqda, 2 il bundan əvvəl relsləri sökülmüş köhnə dəmiryolu şpalları da qismən yanıb. Yanğın nəticəsində dəymiş ziyan və hadisənin səbəbləri üzrə hazırda araşdırma aparılır.