Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirləri bir araya gəldi...

12 2019 16:45

Qəbələdə Azərbaycan da daxil olmaqla üç ölkənin müdafiə nazirləri bir araya gəlib. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Gürcüstanın Müdafiə naziri Levan İzoriya əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin xatirəsini ehtiramla yad edib, şəhidlərin məzarı və "Əbədi məşəl" abidəsi önünə gül dəstələri düzüblər. Sonra hər üç ölkənin müdafiə naziri ümummilli Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edib. Ardınca Heydər Əliyev Konqres Mərkəzində nazirlərin ikitərəfli görüşləri keçirilib. Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin ikitərəfli görüşü çərçivəsində regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Görüş çərçivəsində, Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planı təsdiqlənib. Planı Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Levan İzoriya imzalayıb. Əməkdaşlıq planında Müdafiə Nazirlikləri arasında müxtəlif mövzularda məsləhətləşmələrin təşkili, birgə təlimlərin keçirilməsi və digər məsələlər öz əksini tapır. Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin ikitərəfli görüşündə isə regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra üçtərəfli formatda görüş başlayıb. Azərbaycanın müdafiə naziri Zakir Həsənov üç ölkənin təhlükəsizliyi və hərbi əməkdaşlığı baxımından bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, artıq 7-ci dəfədir, bu formatda görüş keçirilir. Türkiyə və Gürcüstanın müdafiə nazirləri də əməkdaşlığın inkişafı üçün bu görüşün keçirilməsini vacib sayıblar. Üçtərəfli görüşdə hərbi qurumların rəhbərləri regiondakı hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər. Hər 3 ölkənin nazirləri görüşün yekunlarına dair protokol imzalayıb. Tədbirin sonunda brifinq keçirilib.