Şəkidə də taxıl biçini başlayıb...

11 2019 14:42

Respublikanın ən iri taxılçılıq rayonu olan Şəkidə də taxıl biçini başlayıb. Rayonda bu il məhsuldarlığın yüksək olacağı proqnozlaşdırılır. Kombaynlardan əlavə, biçin kampaniyasına 95 ədəd küləşpresləyən aqreqat, 250 ədəd şum traktoru, 350-dək yük maşını, traktor və qoşqu, həmçinin 5 ədəd yanğınsöndürən və 9 ədəd su maşını cəlb olunub. Hazırda rayonun Turan qəsəbəsi, Kiçik Dəhnə, Böyük Dəhnə, Cumakənd, Qudula, Şəkikənd, Suçma, Qayabaşı, Bolludərə kəndlərində arpa biçini sürətlə davam edir. Təsərrüfatçılar bu ilki məhsuldarlığın yüksək olacağı qənaətindədir. Bu mövsümdə rayonda 68 min 68 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 45 min 962 hektarını buğda, 22 min 106 hektarını arpa sahələri təşkil edir. Taxıl əkini sahələri əvvəlki illə müqayisədə 906 hektar artıb. Xatırladaq ki, ötən il 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə olunub. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülüb.