Zaqatalada çay yığımına start verildi...

16 2019 13:52
Çayçılıq Zaqatala rayonu üçün perspektivli kənd təsərrüfatı sahələrindən biridir. Rayonun iqlim şəraiti, torpağın strukturu, emal müəssisəsinin olması çayçılığın inkişafı üçün əlverişli sayılsa da, hələlik digər kənd təsərrüfatı sahələrindən fərqli olaraq, bu sahədə elə də inkişaf nəzərə çarpmır. Bunun səbəbləri nədir?...
Bir zamanlar Zaqatalada 60 tona yaxın quru çay emal edilirdisə, indi bu rəqəm 5-6 tona enib. Rayonda məhsuldar çayçılıq sahələrinin də həcmi azalaraq 60 hektardan 30 hektara düşüb. Mütəxəssislərin fikrincə, bir hektar ərazini alaraq, orda çay plantasiyası salmaq 20 min manata yaxın vəsait tələb edir. Hələlik isə rayonda bu sahə ilə məşğul olan sahibkarlar mövcud bağlarda dərin budama aparmaqla kifayətlənirlər. Artıq sahələrdən çay yığımına başlanılıb. Bu il havaların əlverişli keçməsi yığımı ötən illərə nisbətən tezləşdirib. Yığımın tezləşməsi çayçıların üzünü güldürüb. Onlar il boyu qulluq etdikləri sahələrindən ötən ildən daha çox məhsul götürməyi hədəfləyir. Vaxtilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, keçmiş SSRİ-də, eləcə də dünyada tanınan Zaqatala çayının indi də yetərincə alıcısı var. Üstəlik, Zaqatalada çay emal etmək üçün müəyyən gücə malik müəsisə də mövcuddur. Lakin xammal olmadığından müəssisənin gücünün cüzi hissəsindən istifadə edilir. Təsərrüfatçılar hesab edirlər ki, yeni plantasiyalar salmaq, emal müəsisəsini müasir avadanlıqlarla təmin etməklə, istehsal keyfiyyətini artırmaq və dünya bazarında bir brend olaraq öz yerini tutmaq mümkündür.