Dövlət qulluqçuları üçün növbəti səyyar seminar keçirilib...

15 2019 14:51

İsmayıllı rayonunda Prezident yanında Dövlət İdarəçilik Akademiyası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün növbəti səyyar seminar keçirilib. Seminarda “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycanın təcrübəsi” , “Dünyada və bölgədə yeni təhlükəsizlik mühitinin formalaşmasına Azərbaycan Respublikasının töhfəsi” , “Dövlət qulluğunda innovasiyaların yeni mərhələsi” mövzularında məruzələr dinlənilib. Bildirilib ki, Azərbaycan qısa dönəmdə inklüziv və davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktı təsdiq edir. Məruzədə beynəlxalq təşkilatlar tərəfindən 2017-2018-ci illərdə dərc edilmiş rəsmi statistik bilgilər təhlil olunub. Seminar iştirakçıları Azərbaycanda tətbiq edilən və dünya miqyasında ilk dəfə işlənilmiş sinergetik, komplimentar və kompensasion texnologiyaların mahiyyəti barədə də məlumatlandırılıblar. Həmçinin vurğulanıb ki, dövlət qulluğunun təşkili çərçivəsində reallaşdırılan əsaslı dəyişikliklər, yeni innovativ yanaşma və təşəbbüslər bu institutun nüfuzunun daha da artmasına imkan yaradacaq və Azərbaycanın yeni uğurlarına qapı açacaq.