Kənd təsərrüfatı naziri İnam Kərimov Zaqatalada vətəndaşları qəbul edib...

26 2019 15:47

Nazir əvvəlcə yeni istifadəyə verilmiş Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf Könüllülərinin bir qrupu ilə görüşüb. Ardınca nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Zaqatala, Qax, Şəki, Oğuz, Balakən və digər rayonlardan 49 nəfərin müraciətinə baxılıb. Vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında “Səyyar Xidmət” Qrupu ətraf rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət də göstərib. Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yenisi ilə əvəz edilib. Bununla yanaşı, 5 ədəd kənd təsərrüfatı texnikası texniki baxışdan keçirilib və daha 5 ədədi isə dövlət qeydiyyatına alınıb, 1 nəfərə isə korlanmış şəhadətnamənin əvəzinə dublikatı verilib. Nazir İnam Kərimov “Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.